Milli Mətbəx

Azərbaycan mətbəxi Şərqdə ən maraqlı və ekzotik mətbəxlərdən biridir. Azərbaycan mətbəxi tarixi ənənələrin, milli zövq və yaşayış tərzinin təcəssümüdür. Bu mətbəx haqqında ilkin məlumatlara qədim əlyazmalarda - səyahətçilər və tədqiqatçıların səyahət kitabçalarında rast gəlinir. Azərbaycana səyahət edən istənilən təcrübəli qurman yeməklərin gözəl dad və qoxusuna heyran qalacaq. Təamlar təkrarolunmazlığına görə digər ölkələrin mətbəxlərindən tamamilə fərqlənir. Azərbaycan aşpazları köhnə bişirmə ənənələrini qorumaqla yanaşı eyni zamanda müasir texnologiyaları tətbiq etməklə yeməkləri günümüzün tələblərinə uyğunlaşdırırlar. Təamların müxtəlifliyi, ətirli göyərti və ədviyyatlar əlavə olunmuş ət, balıq və tərəvəz yeməklərinin bolluğu Azərbaycan mətbəxini hədsiz dərəcədə faydalı və dadlı edir. Kafe və restoranlarda müəyyən növ milli yeməklər elə hazırlandığı xüsusi saxsı qablardaca təqdim olunur.