Dizayn və Memarlıq məktəbi

DİZAYN VƏ MEMARLIQ MƏKTƏBİ

Kafedralar

Kürsülər

Dizayn kafedrası

- Rəsm və rəngkarlıq kürsüsü

- Kompüter qrafikası və dizayn texnologiyaları kürsüsü

- Ümum dizayn və həcmli yaradıcılıq kürsüsü

Memarlıq kafedrası

- Memarlıq kürsüsü

 

Müasir dövrümüzdə memarlıq və dizaynın inteqrasiya tendensiyaları geniş şəkildə özünü büruzə verir. "Memarlıq dizaynı”, "Memarlıq mühitinin dizaynı”, "Memarlıq- dizayn metodu”, "Memarlıqda dizayn” terminlərinin istifadəsinə tez-tez rast gəlinir. Bu səbəbdən ənənəvi memarlıq və yeni dizayn layihələndirmələrin qarşılıqlı əlaqəsinin genezisini və inkişaf dinamikasını tədqiq etmək aktuallıq təşkil edir. Bununla əlaqədar 2017-ci ildə Qərb Universitetində Dizayn və Memarlıq məktəbi yaradıldı. Bu məktəb 1996-cı ildən fəaliyyət göstərən Dizayn fakültəsinin bazasında təşkil edildi.

Dizayn layihələndirmənin əsas fəlsəfəsi mühit çərçivəsində insan və əşyanın ünsiyyətinin düzgün qurulmasıdır. Daha yeni olan memarlıq-dizaynda isə "əşyanın inteqrativ funksiyası” anlayışı gücləndirilir və bu kommunikativ, semantik, emblematik məna ilə zənginləşir.

Memarlıq cəmiyyətin və onun ayrı-ayrı fərdlərinin həyat proseslərinin cərəyan etdiyi süni mühitin((əmək, məişət, mədəniyyət, ünsiyyət, istirahət və s.)layihələndirilməsidir. Dizayn-fundamental elmlər olan-fəlsəfə, estetika, antropologiya, psixologiya və təsviri sənət əsasında yaranan obrazlı və abstrakt təfəkkürün spesifik məhsuludur. Bu təfəkkür texnika, texnologiya, erqonomika, ekologiya, sistemli layihələndirmənin öyrənilməsi əsasında formalaşır. Dizaynın əsas məqsədi insanın bütün həyat və fəaliyyət sferalarında funksional komfort yaratmaqdır və nəticə etibarı ilə insanı əhatə edən mühitin humanistləşdirilməsidir. Beləliklə, dizayn və memarlıq maddi və mənəvi mədəniyyətin nümunələrini yaradaraq cəmiyyətin sosial və mədəni həyatında əhəmiyyətli rol oynayır.

Yeni yaradılan məktəbin məqsədi qlobal düşüncə tərzinə və zəruri professional kompetensiyalara malik mütəxəssis hazırlamaqdır. Müasir cəmiyyətin tələblərinə cavab verən təhsil nəticəsində əldə edilən biliklər və bacarıqlar gələcək mütəxəssislərə bədii-layihə məsələlərini həll etməyə kömək edəcək.

Nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün məktəbdə yaradılan yaradıcılıq emalatxanaları yeni avadanlıq və materiallarla təchiz edilmişdir: metalın və ağacın emalı üçün dəzgahlar, 3D printer, zəruri alətlər və s. Kompüter sinifləri modernləşdirilərək müasir proqram təminatı ilə yeniləndirilmişdir. Tələbələr yeni konsepsiyaya əsasən bədii yaradıcılığın bütün incəliklərinin mənimsənilməsi üçün inteqrativ sistemə uyğun olaraq təhsil alacaqlar ki, buraya bütün fənlərin ənənəvi tədrisi ilə bərabər müasir informasiya texnologiyalarından istifadə də nəzərdə tutulub. Bu konsepsiya memarlıq-dizayn istiqaməti üzrə təhsil alan tələbələrə qrafik mədəniyyətin bütün imkanlarını aşılayaraq layihələndirmənin yeni metodlarından istifadə etməyə imkan yaradcaq.

Dizayn və memarlıq məktəbində bakalavr, magistratura, doktorantura və dissertantura pillələri üzrə bu ixtisaslar mövcuddur:

Bakalavr səviyyəsi üzrə: 

- Dizayn
- Memarlıq

Magistratura səviyyəsi üzrə: 

- Dizayn və texniki estetika

Doktorantura və dissertantura pilləsi: 

- Texniki estetika və dizayn