Qərb Universitetində beynəlxalq startup proqramının təqdimatı olub

Qərb Universitetində beynəlxalq startup proqramının təqdimatı olub

Ötən il 28 ölkədə keçirilən, dünyanın ən böyük "green" biznes ideya müsabiqəsi olan ClimateLaunchpad-ə bu il Azərbaycan da qoşulur.

Müsabiqə ilə bağlı 14.03.2017 tarixində Qərb Universitetinin tələbələri üçün təqdimat keçirilib. Bildirilib ki, yarışma özünün öyrədici strukturuna və əhatəsinin genişliyinə görə qəbul olunan startuplara və ideya müəlliflərinə çox böyük proqress xətti təkif edir. ClimateLaunchpad proqramına müraciətlər 9 Aprel 2017 tarixinə qədər davam edəcək və həmin tarixdən növbəti 3 həftə ərzində 7-10 komanda seçiləcəkdir.

Müsabiqə ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara iştirakın forması, əhəmiyyəti, əldə edə biləcəkləri dividendlər izah edilib.

Məlumat üçün bildirək ki, hər bir ölkənin seçilmiş 3 komandası Grand Final-da Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Grand Final-da ilk 10 yeri tutan startup layihələri böyük ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaqlar.

Bundan əlavə isə ilk 3 yerə layiq görülən komandalar pul mükafatları qazanacaqlar.

Yarışmaya peşəsindən və sahəsindən asılı olmayaraq, biznes potensialı olan və iqlim dəyişikliyinə müsbət təsir edə biləcək istənilən ideya müəllifi müraciət edə bilər. İdeya mobil tətbiqdən tutmuş, alternativ enerji mənbəyinə qədər, iqlim dəyişikliyinə təsir edə biləcək oyundan tutmuş, maddə və materialların təkrar emalı və təkrar istehsalına qədər istənilən ideya ola bilər. Müraciət edən komanda 2 üzvdən ibarət olmalıdır.

Müraciətin son tarixi 9 Aprel 2017 - dir.

Vurğulamaq yerinə düşər ki, Qərb Universiteti fəaliyyət göstərdiyi illər ərzində müxtəlif istiqamətləri əhatə edən çox sayda yerli və beynəlxalq proqram və layihələrdə aktiv şəkildə iştirak edib.

Əlavə məlumat üçün:

http://climatelaunchpad.org/

http://socialinnovationlab.az/