Uğurlu karyeranın təməli!

Qərb Universitetindən yenilik: pensiyaçılar üçün sosial layihə

Azərbaycanda ilk dəfə olaraq Qərb Universiteti "Third Age Baku” sosial layihəsi çərçivəsində pensiyada olan və artıq əmək fəaliyyəti ilə məşğul olmayan insanlara öz qapılarını açmışdır.

Layihə iştirakçılarına hər həftənin şənbə günü Qərb Universitetində kompüter kursları təşkil olunur. Kurslar tamamilə ödənişsiz olaraq həyata keçirilir.

Bu layihənin təsisçiləri Qərb Universitetinin məzunu Azərbaycan Banklar Assosiasiyasının eksperti Nərmin Qəniyeva və Bakı Sığorta şirkətinin, Audit xidmətinin rəhbəri Natəvan Əliyevadır. Dərsləri Riyaziyyat və kompüter texnologiyaları kafedrasının dosenti Rəna Hacıyeva tədris edir.

Kursların aparılmasında məqsəd yaşlı insanların kompüterdə baza bilik və bacarıqlara yiyələnməsi, İnternetdə informasiya axtarışının aparılması və digər vərdişləri əldə etməsidir.

Kompüter kurslarından başqa layihə iştirakçılarını müxtəlif mövzularda ustad dərslərində iştirak, maraqlı insanlarla görüşlər, səyahətlər və digər bu kimi tədbirlər gözləyir.

Kurslara qeydiyyat etmək üçün (+994) 55 680 11 55 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.