Qərb Universiteti EBSCO ilə əməkdaşlıq edəcək

Qərb Universiteti EBSCO ilə əməkdaşlıq edəcək

Qərb Universitetində dünyanın aparıcı nəşriyyatlarının elmi və informasiya resurslarının ən böyük aqreqatoru olan EBSCO şirkətinin GOBI (Global Online Bibliographic Information) platforması ilə bağlı təqdimat keçirilib.

Universitetin professor-müəllim heyətinin qatıldığı tədbirdə məlumat verilib ki, şirkət 14 elmi istiqamətdə kitab və jurnalların məlumat bazasına giriş təqdim edir. "EBSCO” 375-dən çox müxtəlif elmi-tədqiqat bazasının resurslarına, o cümlədən 360 min elmi jurnal və 550 min elektron kitaba vahid nöqtədən çıxış imkanı yaradır.

Daim kitabxana fondunu zənginləşdirən Qərb Universiteti ilə EBSCO-nun əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib. Bu əməkdaşlıq nəticəsində universitetin professor-müəllim heyəti, tələbələri müxtəlif sahələrlə bağlı mövcud ədəbiyyatlarla, eləcə də yeni çap olunan kitablarla tanış olmaq imkanlarını genişləndirəcəklər.

Məlumat üçün bildirək ki, hazırda Qərb Universitetinin kitabxanası 55.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 15 000-dən çox ədəbiyyat mövcuddur.

Universitetdə BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılıb. Hazırda onlarla nüfuzlu beynəlxalq təşkilatdan kitabxana fonduna ədəbiyyatlar daxil olur.