Qərb Universitetinin professoru Harvard Universitetində tədqiqatlar aparıb

Qərb Universitetinin professoru Harvard Universitetində tədqiqatlar aparıb

Qərb Universitetinin professoru, siyasi elmlər doktoru Vəsilə Hacıyeva Harvard Universitetində tədqiqatlar aparıb. Yarım ildən artıq müddətdə dünyanın ən nüfuzlu universitetlərində birində "Dəyişən regional-qlobal situasiya kontekstində ABŞ-ın Azərbaycan siyasəti” mövzusunda araşdırmalar aparan V.Hacıyeva bu günlərdə vətənə dönüb.


Tədqiqatçı mediaya açıqlamasında təəssüratlarını belə ifadə edib:

"Harvard Universiteti adi bir universitet deyil. Hər bir şeyi ilə müqayisəyə gəlməz. Akademik səviyyədə meyar və standart yaradan bir ünvandır. Harvardda olmaq - dünyada mövcud olan bütün informasiyanın - kitabların, jurnalların, məqalələrin, arxivlərin əlinin altında olması deməkdir. Bir çox anlamlarda onu bir dövlətə bənzətmək olar. Amma o, həm də bir aysberqə bənzəyir. Harvardın hər bir fakültəsi böyük bir universitetdən çox-çox böyük potensial və imkanlara malikdir. Dövlətlə, cəmiyyətlə iç-içədir. Ağ Ev daxil olmaqla cəmiyyətin bütün böyük qurumlarından və təşkilatlarından sifarişlər alır və Harvardın professorları bütün bu təşkilatlarda aktiv fəaliyyətdədirlər. Və yalnız ABŞ-dan yox. Sifarişlər, layihələr başqa ölkələrdən, hökumətlərdən də olur. Bundan isə hər kəs faydalanır: Harvard da, onun professorları da, dövlət də, cəmiyyət də. Mən bu universitet, onun sistemi, dünya və ABŞ cəmiyyəti ilə münasibətləri, professorları üçün yaratdığı heyrətamiz şərait, maddi və mənəvi dəstəyi, tədqiqat aparmaları üçün yaratdığı maksimal imkanları və bütün bunların bumeranq kimi ona qaytardığı fayda, beynəlmiləl intellektual mühiti, tələbələri, məzunları, tədris prinsipləri, elmi-tədqiqat mərkəzləri və s. haqqında saatlarla danışa bilərəm və bunlar mənim bu universitetlə bağlı bilmədiklərimin müqabilində bir damla olar”.

V.Hacıyeva müsahibəsində Qərb Universiteti barədə də fikirlərini ifadə edib. Sitat: "Qərb Universiteti Azərbaycanda beynəlxalq təcrübəyə önəm verən və beynəlxalq təcrübəli mütəxəssislərdən faydalanan ilk universitetlərdən biri, hətta deyərdim ki, birincisidir. Müasir və səviyyəli kadrlar bu modern ruhlu universitetin canı, kadrlarının beynəlxalq təcrübəsi isə onun inkişafının simbioz ünsürüdür. Bu universitetin təməl fəlsəfəsində duran ünsürdür”.