QƏRBİ KASPİ UNİVERSİTETİNDƏ TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİ YARADILIB

QƏRBİ KASPİ UNİVERSİTETİNDƏ TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİ YARADILIB

Qərbi Kaspi Universitetində (Qərb Universiteti) Tətbiqi Politologiya Mərkəzi yaradılıb. Mərkəzə rəhbərlik isə tanınmış politoloq, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna həvalə edilib.

Mərkəz beynəlxalq aləmdə və bölgədə baş verən hadisələri tələbələrin iştirakı ilə tədqiq edəcək, müzakirəyə çıxaracaq, analizlərapararaq hesabatlar hazırlayacaq.

Mərkəzdə mütəmadi olaraq yerli və beynəlxalq ekspertlərin, politoloqların, eyni zamanda diplomatların iştirakı ilə diskussiyalar, dəyirmi masalar və görüşlər təşkil ediləcək.
Tətbiqi Politologiya Mərkəzi politologiya sahəsi üzrə təhsil alan tələbələrin dünyada və bölgədə baş verən hazırkı siyasi proseslərlə daha yaxından tanış olması, təhlillər aparması, beləliklə də həm onların analitik qabiliyyətinin inkişaf etdirilməsi, həm də daimi olaraq ən son proseslər barədə məlumatlı olmasına kömək edəcək.

Mərkəzin nəzdində iki laboratoriya - "Qarabağ” və "Multikulturalizm” laboratoriyaları formalaşdırılıb. Bu laboratoriyalar müvafiq istiqamətlər üzrə tədqiqat və təhlil işlərini həyata keçirəcək.

Məlumat üçün bildirək ki, "Multikulturalizm” laboratoriyasına rəhbərliyi isə beynəlxalq münaqişələr üzrə tanınmış ekspert, Qərb Universitetinin 1997-ci il məzunu Arye Qut həyata keçirəcək.