Qərb Universitetinin adı dəyişdi: Western Caspian University (Qərbi Kaspi Universiteti)

Qərb Universitetinin adı dəyişdi: Western Caspian University (Qərbi Kaspi Universiteti)

Qərb Universiteti strukturunun modern universitet strukturuna uyğunlaşması istiqamətində tədbirlər görür.

Hazırda universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulub və bu proses yenə də davam etdirilir. Eyni zamanda tədris metodikasının yenilənməsi, ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün ardıcıl iş aparılır. Qərb Universitetinin Qəyyumlar Şurasının mövqeyi bundan ibarətdir ki, universitet ölkənin aparıcı təhsil müəssisəsi olmaqla kifayətlənməyərək regionun aparıcı universitetinə çevrilməlidir.

Universitet cari tədris ili ərəfəsində kadr hazırlığı aparacağı ixtisasların sayını təxminən iki dəfəyə qədər artıraraq 36-ya çatdırdı. Tələbə sayının artacağını nəzərə alaraq illik təhsil haqlarını 50 faizədək aşağı saldı. Bu, keyfiyyətli təhsilin daha əlçatan olması baxımından olduqca mühüm qərar idi.

Daim innovativ yenilikləri, layihələri, gənclərə yüksək keyfiyyətli təhsil imkanı yaradan, beynəlxalq proqramları ilə seçilən Qərb Universiteti bu əlaqələrini bir qədər də genişləndirib, yeni-yeni əməkdaşlıq platformalarına çıxış əldə olunub, partnyorluq əlaqələri bir qədər də diversifikasiya edilib.

Beləliklə, fəaliyyət istiqamətlərini forma və məzmunca yeniləyən, genişləndirən universitetin rebrandinqi üçün də təbii bir zərurət formalaşmışdı. Yeni keyfiyyət mərhələsinə keçidi simvolizə etmək, eyni zamanda Azərbaycançılıq ideyalarının, ölkəmizin və onun dəyərlərinin beynəlxalq miqyasda təbliği və tanınması, o cümlədən, regionun tarixi və coğrafi adını vurğulamaq məqsədi ilə Qərb Universiteti yeni adla fəaliyyət göstərəcək: Western Caspian University
Məqsəd isə birdir: Multikultural və milli dəyərlərə bağlı, ən müasir texnologiyalar, standartlar əsasında gələcək karyeralarında uğurlar qazanacaq, biznes, idarəçilik və digər istiqamətlər üzrə peşəkar mütəxəssis və liderlik keyfiyyətlərinə sahib kadrlar hazırlamaq.