Qonağımız Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye oldu

Qonağımız Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye oldu

Qərb Universiteti fəaliyyət göstərdiyi müddət ərzində gənclərin vətəndaş kimi formalaşmasına, dünyada və cəmiyyətimizdə mövcud ictimai-siyasi mühitin təhlil edilməsinə, dövlətimiz barədə məlumatların dolğun formada açıqlanmasına imkan verir. Məhz bununla əlaqədar mütəmadi olaraq görkəmli elm xadimləri, siyasətçi, konsul və səfirlərlə görüşlər təşkil olunur. Belə ki, növbəti görüş 14 noyabr 2013-cü il tarixində saat 1100-da "Səfir saatı” layihəsi çərçivəsində keçirildi. Qonağımız Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye oldu. Səfir universitetin müəllim-tələbə heyəti ilə görüşüb, onlara ölkəsinin tarixi, ənənələri, mədəniyyəti haqqında məlumat verdikdən sonra Fransa-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri haqqında danışdı. Fransa və Azərbaycanın əməkdaşlıq perspektivləri, xarici əlaqələr üzrə məsələlər müzakirə edildi.

Görüşdə Universitetin fəxri professoru, politoloq F.Sadıxov, "İngilis filologiyası” kafedrasının müdiri, s.e.n.,dos. A.Bayramova, "Siyasi elmlər” fakültəsinin dekanı p.e.n.,dos. E.Əhmədova, "Xarici əlaqələr” şöbəsinin müdiri, s.e.d.,dos. V.Hacıyeva və Universitetin "İşgüzar inzibatçılıq”, "Siyasi elmlər” və "Qərb dilləri” fakültələrinin tələbələri iştirak etdilər.

Səfir Paskal Mönye tələbələrin suallarını cavablandırdı və sonda qeyd etdi ki, "Universitetinizlə ilk tanışlığım mənim üçün çox xoş oldu və Universitetin tələbə və müəllim kollektivi ilə ünsiyyətdən zövq aldım.”