Qərb Universitetində Tur Heyerdalın 100 illiyinə həsr olunmuş silsilə tədbirlərə start verilmişdir

Qərb Universitetində Tur Heyerdalın 100 illiyinə həsr olunmuş silsilə tədbirlərə start verilmişdir

1914-cü il oktyabrın 6-da Norveçin Lavrik şəhərciyində Tur və Alison Lyunq Heyerdalların ailəsində dünya şöhrətli səyyah, antropoloq alim və yazıçı Tur Heyerdal dünyaya gəlmişdir. Məşhur alim dəfələrlə Azərbaycanda olmuşdur. T.Heyerdal təkcə cəsur dənizçi, alim və okeanoqraf kimi deyil, həm də bir sıra kitabların və cəsarətli ideyaların müəllifi kimi dünya tarixində iz qoymuşdur. Məsələn, onun təşəbbüsü ilə başlanmış tədqiqatlar qədim zamanlarda vikinqlərin Norveçə Qafqazdan və Azərbaycandan köçdüyünü bildirən qədim Skandinaviya saqalarının və orta əsr mənbələrinin həqiqətə uyğun olduğunu sübut etmək məqsədi daşımışdır. Bunun üçün dörd dəfə (1981-2000-ci illərdə) Azərbaycanda olan T.Heyerdal həmin nəzəriyyəni təsdiq edən maraqlı faktlar üzə çıxarmışdır. Bu il Qərb Universitetində tanınmış alimin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər nəzərdə tutulmuşdur. Qeyd edək ki, 2011-ci il oktyabrın 27-də Oslo Universiteti (Norveç) ilə əməkdaşlıq şəraitində QU-da "Tur Heyerdal və Azərbaycan” mövzusunda beynəlxalq elmi-praktik konfransın bölmə iclasları keçirilmişdir. Konfrans tanınmış səyyahın Azərbaycana birinci səfərinin 30 illiyinə, Azərbaycanın müstəqilliyinin 20 illiyinə və Oslo Universitetinin 200 illiyinə həsr olunmuşdu.

Tədbirdə "Azerbaijan İnternational” jurnalının redaktoru, tədqiqatçı Betti Bleyerin "Tur Heyerdal gənclərə örnəkdir”, professor Vibeke Roggenin "Tur Heyerdal və Azərbaycan” mövzusunda mühazirələri dinlənilmişdir. Qonaqlar bildirmişlər ki, Tur Heyerdal 1947-ci ildə Sakit okeanı "Kon-Tiki” qayığında üzüb keçəndə dünya şöhrəti qazanmışdır. Alim ömrünün son illərini Skandinaviya xalqlarının köklərini Qafqazda və Xəzəryanı ərazilərdə axtarmağa həsr etmişdir. O, 1960-cı ildə Qobustan qayalarındakı petroqliflərlə tanış olduqdan sonra Qafqaza maraq göstərməyə başlamışdır. Skandinaviya və Qafqaz arasında mədəni əlaqələri müəyyənləşdirmək üçün 2000-ci ildə Azovda (Rusiya) arxeoloji qazıntılara başlamışdır. Tur Heyerdalın "Kon-Tiki” və digər ekspedisiyaları film və kitablar şəklində sənədləşdirilmişdir. "Ra” ekspedisiyası barədə film "Oskar” mükafatına layiq görülmüşdür. Tur Heyerdal 2002-ci ildə 82 yaşında vəfat etmişdir. 2010-cu ildə onun arxivi UNESCO-nun Dünya Reyestrinə daxil edilmişdir.