YÜKSƏK BAL TOPLAYAN ABİTURİYENTLƏR QƏRB UNİVERSİTETİNDƏ

YÜKSƏK BAL TOPLAYAN ABİTURİYENTLƏR QƏRB UNİVERSİTETİNDƏ

Qərb Universitetində ali məktəblərə bu il keçirilmiş qəbul imtahanlarında yüksək bal toplamış şagirdlərlə görüş keçirildi.
Universitetin rektoru professor Andris Leitas məktəbliləri salamlayaraq qəbul imtahanlarında göstərdikləri yüksək nəticəyə görə onları təbrik etdi, bu uğurun gərgin əməyin nəticəsi olduğunu ifadə etdi.

Rektor Qərb Universiteti barədə məlumat verərək bildirdi ki, universitet beynəlxalq təcrübədə sınaqdan çıxarılmış tədris proqramlarını tətbiq edir, tədrisin keyfiyyətinin artırılması üçün ardıcıl olaraq innovativ layihələr həyata keçirir. Universitet ABŞ və Avropanın aparıcı universitetləri ilə ayrı-ayrı proqramlar çərçivəsində əməkdaşlıq edir, nüfuzlu təhsil ocaqlarının mütəxəssisləri mühazirələr üçün universitetə dəvət olunur. Qərb Universitetinin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir.

Məlumat verildi ki, Qərb Universiteti Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar da təqdim edir. Belə ki, universitet Böyük Britaniyanın "Koventri”, Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi”, İsveçrədə yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS), Çexiyanın "Newton College” Universiteti ilə birlikdə ikili diplom layihələrini həyata keçirir. Yəni tələbə təhsilin bir hissəsini Qərb Universitetində, bir hissəsini isə tərəfdaş universitetdə almaqla bir təhsil müddətinin sonunda iki diplom əldə edir.

Hazırda davam edən infrastruktur layihələri barədə danışan A.Leitas vurğuladı ki, universitetin nəhəng kompleks, yeni binalar və müasir kampusunun tikintisi tamamlanmaq üzrədir, müxtəlif sahələrlə bağlı müasir, bütün region üçün unikal hesab oluna biləcək laboratoriyalar qurulur. Universitet növbəti tədris ili üçün kadr hazırlığı aparacağı ixtisasların sayını təxminən iki dəfəyə qədər artıraraq 36-ya çatdırıb. Tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq Qərb Universiteti illik təhsil haqlarını aşağı sala bilib.

Böyük Britaniyalı alim, Notingem Trent Universitetinin professor, Qərb Universitetinin fəxri professoru Kolen Lav isə peşəkar mütəxəssis kimi yetişmək üçün lazım olan keyfiyyətlər barədə danışdı, gənclərə tövsiyələrini çatdırdı, mənimsəmənin optimal metodlarını şərh etdi.

Qərb Universitetinin İnnovasiyalar Mərkəzinin müdiri Rauf Həsənov universitetin yeni ixtisasları barədə məlumat verdi, abituriyentləri maraqlandıran sualları cavablandırdı.

Bakı şəhər 236 saylı məktəbin şagirdi, I qrup üzrə qəbul imtahanlarında 641 bal toplamış Şirin Şükürov Qərb Universitetinin onda olduqca xoş təəssürat oyatdığını və bu təhsil ocağında təhsil almaq arzusunda olduğunu bildirdi.