Karyera Mərkəzi

Qərb Universitetində Tələbə Xidməti Mərkəzinin əsası 1999-cu ilin dekabr ayında «Avrasiya» fondunun köməyi və maddi-texniki yardımı ilə qoyulmuşdur. Mərkəzin yaradılmasında məqsəd tələbələrin hərtərəfli təhsil alması, onların intellektual və mədəni inkişafı və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi üçün hər cür şərait yaratmaq və Qərb Universitetinin çoxsaylı məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir.

Tələbə Xidməti Mərkəzi öz Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərir və müxtəlif istiqamətləri əhatə edir:

İşə düzəltmə: Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri aramaq və əldə etməkdə yardım edir. Universitetin tələbəri haqqında hərtərəfli məlumat İnformasiya Bazasına toplanır və hər il yeni qəbul olunan tələbələr haqqında məlumatla yenilənir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir. Yarandığı gündən bəri Mərkəz yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olmuşdur. Qərb Universitetində tələbələrin iş ilə təmin olunması üçün 3 əsas meyar xüsusi əhəmiyyət kəsb edir ki, buraya xarici dil, kompüter bacarıqları, müasir, yüksək səviyyəli ixtisas hazırlığı daxildir.

Karyera inkişafı: Tələbələrə işədüzəltmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir. Tələbələrə müsahibəyə necə hazırlaşmaq və ya rezümeni (tərcümeyi-hal) necə tərtib etmək barədə tövsiyyələr verilir.

Universitetin tələbələri üçün müntəzəm olaraq:

- «İşəgötürənlə görüşə necə hazırlaşmaq lazımdır?»

- «CV-ni necə hazırlamaq lazımdır»

- «Könüllü işinin müsbət tərəfləri»

- «Azərbaycanda əmək problemi»

- «Karyeranın planlaşdırılması» və s. seminarlar keçirilir.