Tələbə təşkilatları
Tələbə Həmkarlar Təşkilatı
Tələbə Həmkarlar Təşkilatı tələbə Təşkilatıdır. Onun sədri tələbələrin ümumi toplantısında tələbələr sırasından açıq səsvermə yolu ilə seçilir. Tələbə Həmkarlar Təşkilatının sədri və həmin Təşkilatın üzvləri universitetin bütün ictimai işlərinə yaxından cəlb olunur və həmin tədbirlərdə fəal iştirak edirlər. Tələbə Həmkarlar Təşkilatı tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və onların mədəni səviyyələrinin yüksəldilməsi məqsədilə tədbirlər işləyib həyata keçirir.
Tələbə Həmkarlar Təşkilatı ayda bir dəfədən az olmayaraq öz iclasini keçirir və bu iclasda təşkilat üzvlərinin problemləri və eləcə də universitetdə tələbələrin təhsil, ictimai və s. məsələləri müzakirə edilir. Tələbə Həmkarlar Təşkilatı öz fəaliyyətini keyfiyyətli keçirmək məqsədilə kafedra müdirləri ilə birlikdə iclasın nəticələrini müzakirə edir problemlərin həlli üçün yollar axtarır.Tələbə Həmkarlar Təşkilatı tələbələrin idmana marağının artırılması, onların vaxtlarının səmərəli keçirilməsi üçün tədbirlər hazırlayır. Buna görə də, Universitetin basketbol komandasının Respublika çempionatı uğrunda mübarizəsi ərəfəsində Universitetin həmin basketbol oyunlarında fəal tamaşaçı kimi iştirakı üçün hər cür şərait yaradir.
Tələbə Həmkarlar Təşkilatı Univer-sitetdə yaradılan tələbələrdən ibarət qruplar vasitəsi ilə uşaq evlərinə, internatlara baş çəkir, imkan daxilində maddi və mənəvi köməklik göstərirlər.
Tələbə Gənclər Təşkilatı Tələbə Gənclər Təşkilatı Universitet rektorluğu nəzdində məşvərətçi qurumdur. Tələbə Gənclər Təşkilatı universitetdə de-mokratik tələbə özünüidarəetmə sisteminin effektiv fəaliyyət göstərməsi, Universitet rektoru və tələbələr arasında sıx əlaqə yaratmaq, tələbələrin idarəetməyə cəlb edilməsi, onların hüquq və maraqlarının hərtərəfli (o cümlədən sosial) müdafiəçisi, onlarda təşkilatçılıq, təşəbbüskarlıq və yaradıcı öz fəaliyyətinin inkişafı, tədris prosesinin və elmi işin təşkili sahəsində müsbət təcrübənin ümumiləşdirilib yayıl-ması, tədris prosesində neqativ halların qarşısının alınması, ali təhsil müəssisələ-rində əmək və tədris intizamının gücləndi-rilməsi məqsədilə yaradılib.Tələbə Gənclər Təşkilatı öz səlahiy-yəti çərçivəsində:
- tələbələr arasında sorğular keçirir, onların fikir və istəyini öyrənir;
- tədrisin təşkili və tələbələrlə bağlı olan rektorluğun normativ aktlarını tələbələrə izah etməklə onların həyata keçirilməsində fəal iştirak edir;
- tələbə həyatının spesifik problemləri barədə rəy və təkliflər verir;
- tələbələrin hüquq və maraqlarını (o cümlədən sosial) hərtərəfli müdafiə edir;
- qayda-qanunun pozulmasına imkan verən səbəbləri və şəraitləri aradan qaldırmaq barədə təkliflər verir və s.
Tələbə Elmi Cəmiyyəti Elmi işlər kafedralar tərəfindən təşkil olunub Tələbə Elmi Cəmiyyətinə təqdim edilir. Tələbə Elmi Cəmiyyəti tələbə Təşkilatıdır. Onun sədri tələbələrin ümumi toplantısında tələbələr sırasından açıq səsvermə yolu ilə seçilir.
Tələbə Elmi Cəmiyyəti informasiya bülletenləri və qəzet nəşr etməklə tədqiqat işlərinin, müzakirələrin, elmi seminar və konfransların təşkilində aparıcı rol oynayır. Tələbə Elmi Cəmiyyətinin hər bir üzvü Qərb Universitetinin elminin inkişafına öz töhvəsini verir. Tələbə Elmi Cəmiyyətinin üzvləri ayda bir dəfə bir yerə toplaşır və özlərinin iş və konfransları barədə planlarını müzakirə edirlər.
Tələbə Elmi Cəmiyyətinin işinin başlıca prinsipi tələbələrin illik elmi-praktik konfransını hazırlayıb keçirməkdən ibarətdir. Tələbə Elmi Cəmiyyətinin üzvləri məqalələr, tezislər yazır və Azərbaycanın başqa Universitetlərindən gələn tələbələr üçün materiallar işləyib hazırlayırlar. Bundan əlavə ən yaxşı məruzələr seçilərək Respublika Tələbə Elmi Konfransına göndərilir və nəşr olunur.
|